Öyrəndikcə dərk edirəm ki, bu həyatda ən böyük yatırımı məhz elə öz beynim üçün etməliyəm. Çünki, həmin yatırımlar olmadan cahillikdən, önyargılardan, əsassız düşüncə qəliblərindən ibarət beynin hökmlərinə məhkum oluruq. Öz adıma belə bir beyni çiyinlərim üzərində daşımaq istəmirəm. Bu, sonsuz qallaktikaların analogiyası olan neyronlarıma etdiyim ən böyük haqsızlıq olar.
QUMDAN QALALAR
Planlar qurmağın dəniz sahilində qumdan qalalar qurmaqdan heç bir fərqi yoxdur. Gün gələr “dənizdə” tufan qopar, dalğaları “sahildə” nə varsa yuyub aparar. Gələcək haqqında heç bir hökmümüzün olmadığını aydın şəkildə göstərər. Məncə, dənizin məqsədi bizi incitmək, yıxmaq deyil. Qurduğumuz qalaların bünövrəsinin zəif olduğunu göstərməkdi. Hətta bəlkə də dəniz bizimlə danışır bu yolla. Bizə yalnış yerdəsən deyir bəlkə də. Daha da güclənməlisən deyir. Həyatını sahil kənarında qumdan qala qurmaqla keçirmə deyir. Yeni üfüqlər kəşf et, daha çox hiss et, daha çox xatirə topla, anı yaşa deyir. Çünki, yalnız bu anımız haqqında hökmümüz var.
XOŞBAXLIX,.. XOŞBAXLIĞIN...
İllər öncə “Xoşbəxtliyin formulu” adlı məqalə yazmışdım. 20-li yaşlarda, hamı kimi xoşbəxtlik axtarışında idim. O zaman da çətin idi bu haqda yazmaq, indi də. O zamanlar elə bilirdim ki, həyatın məqsədi xoşbəxtliyi axtarıb tapmaqdır. Bu qədər önəmli bir hissin daimi olmaması, yoxluğunda yaranan ehtiyac hissi, yeni axtarışlar - bəzən yorucu, bəzən mənasız, bəzən də sual doğururdu ki, axı niyə? Niyə xoşbəxtlik bu qədər arzulanan, ehtiyac duyulan hiss olmasına baxmayaraq bizi qane etmir? Həyat elə gətirdi ki, xoşbəxtliyin nə olduğuna dair beynimdə müəyyən fikir formalaşdıra bildim. Bununla da, daha yaxşı anladım ki, niyə şair Moşu Göyəzənli xoşbəxtliyə qafiyə tapa bilmirmiş.