You are currently viewing Beynimlə tanışlığımız

Beynimlə tanışlığımız

Mən bir beyindən ibarətəm;
geri qalanım sadəcə bir əlavədir

Artur Konan Doyl

Yəqin, vurğulamağıma ehtiyac yoxdur ki, mən nə həkim nə də beyin mütəxəssisi deyiləm. Amma qərar qəbuletmə, təcrübə, öyrənmə, yaradıcılıq və s. kimi məvhumların toplandığı yeganə orqanımız beynimiz olduğundan, onunla “tanış olmaq” zəruriyyətdir deyə düşünürəm. Həmçinin, beynimlə tanışlığımız özfərqindəliyimə də xüsusi təsir edir. Bu təsirlərdən ən böyüyü dəyişməyə və öyrənməyə qarşı önyargılarımı qırmaq oldu. Əvvəl elə bilirdim bəlkə yeni bacarıq əldə etmək, düşüncə tərzini dəyişmək çox mürəkkəb və çətin proseslərdir. Və ya bunları əldə etmək üçün doğuşdan nəsə xüsusi qabiliyyətimiz olmalıdır. Zamanla aydın oldu ki, qeyd etdiyim proseslər elə beynimin ən təməl funksiyalarıdır. Beynim məhz bu şəkildə işləyir. Mən elə bunun üçün varam. Bu funksiyaları gözardı edib hansısa bəhanələrə sığınmaq da əslində yaradılış məqsədimə xəyanətdir.
Yazımın davamında mövzu ilə bağlı maraqlı və faydalı olduğunu düşündüyüm məqamları sənin də diqqətinə çatdıracağam.

Neyroplastika
Neyroplastika beynim haqqında düşüncəmi dəyişən əsas termindir. Hansı ki, beynimizin təcrübə ilə dəyişməsini ehtiva edir. Başqa sözlə, beynimizin hər an dəyişəbilmə özəlliyidir. Yəni, mən kitab oxuyanda, nəsə yeni bacarıq mənimsəyəndə, yeni insanlarla tanış olanda, yeni dil öyrənəndə, heç getmədiyim bir ölkəyə gedəndə və s. daha əvvəlki mən olmuram. Neyronlarım aldıqları informasiyanı “öz süzgəclərindən” keçirərək yeni əlaqələr qurur, sinir hüceyrələrim yenilənir, bu da düşüncə tərzimi yenidən formalaşdırır. Hər əldə etdiyim təcrübə ilə birlikdə yeni bir mən yaranır. Üstəlik, son dövrlərin araşdırmaları sübut edir ki, sinir hüceyrələrinin yenilənməsi hər yaşda mümkündür. Bu da onu göstərir ki, “bu yaşdan sonra məndə alınmaz”, “daha məndən keçdi”, “bu yaşdan sonra bacarmaram” kimi cümlələrə həyatımızda yer yoxdur. Istənilən zaman beynimiz yeni bacarıqları lazımınca mənimsəyə bilir.
Şüur və şüuraltı

Elm və texnologiyanın bu qədər inkişafına baxmayaraq beynimiz kainatın ən mürəkkəb və sirri tam olaraq açılmayan maddi “varlığı” titulunu qoruyub saxlayır. Bu səbəbdən, şüur nədir sualına alimlər cavab verməkdə hələ də çətinlik çəkirlər. Bizi digər canlılardan fərqli qılan yeganə özəlliyimiz haqqında cavablanmamış sualların olması səncə də çox ironik deyil? Bəlkə də bu səbəbdən insan övladı kainatda olan yerini təyin edə bilmir..
Alimlər bir mövzuda həmfikirdilər ki, biz bütün qərarlarımızı, hərəkətlərimizi, davranışlarımızı şüurumuzun birbaşa müdaxiləsi altında etmirik. Əsas rolu şüuraltı öz üzərinə götürüb. İqleman isə vəziyyəti belə şərh edir: “Şüur beyin əməliyyatlarının mərkəzində durmur. Əksinə, küncdə-bucaqdadır, beyində fasiləsiz işləyən “çarxların” səsini uzaqdan eşidir”.
Bütün bunlar ilk baxışda ədalətsiz görünə bilər. Öz bədənimizin içində 1.4 kq-lıq ət parçasının necə əmələ gətirdiyini bilmədiyimiz şüuraltı bizim yerimizə qərarlar verir, hərəkətlərimizi təyin edir, hansı ki bu hallar, adətən, peşmanlıq və ya hüsranla nəticələnir. Üstəlik, bu “özbaşınalığına” görə şüuraltı özünə haqq qazandırmağı da çox yaxşı bacarır. Öyrəndiklərimdən belə nəticə çıxarıram ki, hər nə qədər çətin də olsa bütün hakimiyyəti şüuraltına verməyə bilərik. Çünki, bir məlumatı şüurlu şəkildə dərk etdikdə və ya baş verənlərin fərqində olduqda şüuraltının qərarlarımıza təsiri azalır. Yenə də üzərimizə düşən sorğulamaq, düşünmək, beynimizdə “default” olaraq mövcud funksiyalardan yararlanmaqdır.

Beynimizdəkilər və həqiqət
Yuxarıda da qeyd etdiyim kimi beynimiz material baxımından kəllə sümüyünün içində oturan ət parçasıdır. Ətraf mühitlə tək bağlantısı duyğu orqanlarımız vasitəsilə elektrik siqnallarını qəbul etməklə həyata keçirir. Misal üçün, görmə prosesinə baxaq. Bu proses ətrafdan alınan informasiyanın beynə göndərilməsindən ibarət olduğundan, deyə bilərik ki, insan gözləri ilə yox məhz beyni ilə görür. Çünki, gözlərin funksiyasını digər orqanlar da yerinə yetirə bilər. Burada əsas məsələ beynə düzgün siqnalların göndərilməsidir. Bu səbədən, görmə qabiliyyətini hələ doğuşdan itirmiş insanlar ətrafla bağlı informasiyanı xüsusi cihazların digər duyğu orqanlarında yaratdığı titrəşim vasitəsilə “görür”, məsafə, ölçü, forma kimi anlayışları ayırd edə və beyinlərində müəyyən təsəvvür yarada bilirlər.
Buradan gələ biləcəyimiz nəticə odur ki, ətrafda baş verən proseslərə anlam yükləyən mexanizm hər nədirsə beynimizin içində baş verir. Daha dəqiq desək, məsələ ətrafda baş verənlər deyil, beynimizin baş verənləri necə qavradığıdır. Özümüzə, digər insanlara, baş verən hadisələrə dair “şərhlər” həqiqətdə olduğundan fərqli şəkildə beynimizdə formalaşa bilir. Bu səbəbdən, hansısa həqiqəti qəbul edib ona bərk-bərk tutunmazdan əvvəl, üzərində iki dəfə düşünməyin faydalı olduğunu hesab edirəm.
Tanışlığımıza şadam

Əziz oxucu, yəqin razılaşarsan ki, beynimizin qəribəliklərini nəinki bir yazıya, bir kitaba belə sığdırmaq mümkün deyil. Bu səfərlik mövzu ilə bağlı öyrəndiklərimi, paylaşmaq istədiklərimi burada yekunlaşdırıram (gələcəkdə xüsusilə şüur və şüuraltı mövzusuna yenidən qayıdacağam). Öyrəndikcə dərk edirəm ki, bu həyatda ən böyük yatırımı məhz elə öz beynim üçün etməliyəm. Çünki, həmin yatırımlar olmadan cahillikdən, önyargılardan, əsassız düşüncə qəliblərindən ibarət beynin hökmlərinə məhkum oluruq. Öz adıma belə bir beyni çiyinlərim üzərində daşımaq istəmirəm. Bu, sonsuz qallaktikaların analogiyası olan neyronlarıma etdiyim ən böyük haqsızlıq olar. Digər tərəfdən, beynimi tanımaq, onunla tanış olmaq həyatımın ən qiymətli təcrübəsidir. Çünki, beynimi tanımaq, elə özümü tanımaqdır.

Mənbə

This Post Has 2 Comments

  1. Evan Treborn

    Çok iyi yazı, teşekkürler. Devamını mutlaka bekleyeceğim. Benim de beynimin yavaş yavaş değiştiğini fark ettiğim zamanlar olduğu için sinirbilim merakımı celp etmişti. Şimdilerde sahip olduğum düşünceleri daha çocukken gösterseler, inanmazdım. Nasıl değiştim? çok enteresan, zamanla. yavaş yavaş… eski şeyler silinerek, yerine yenisi gelerek…

    1. KhadiJa

      Oxuyub fikir bildirdiyiniz üçün mən təşəkkür edirəm 🙂 Razıyam, beynimizə yetəri qədər zaman və doğru bilgi versək, dəyişməklə bağlı möhtəşəm nəticələr ortaya çıxır.

Leave a Reply