You are currently viewing 30 yaşlı Xədicə

30 yaşlı Xədicə

Həyat onu yaşamasını bilənlər üçün hədiyədir
Dark k/f

Bu gün mənim nə az, nə çox düz 30 yaşım tamam olur. Necə deyərlər, bir igidin ömrü.. Bir vaxtlar buruq saçlı, yumru sifət, balaca qız idim. İndi böyümüşəm. Əlbəttə ki, asan deyildi böyümək. Cənnətlə cəhənnəm arasındakı araf misalı öz xəyal dünyamla reallıq arasında ilişib qalırdım bəzən..

Elə qorxurdum ki, həyatımın heç bir anlam ifadə etməməsindən. Bir gün bu dünyadan köçüb gedəndə geriyə baxıb heyfslənməkdən, xəyallarımı gerçəkləşdirə bilməməkdən, doya-doya yaşaya bilməməkdən elə qorxurdum ki.. Heç susmayan beynimin mənalı-mənasız yaratdığı suallara cavab tapa bilməmək qorxumu daha da artırırdı. Mən öz qorxularımla əlləşərkən həyat da öz axarı ilə gedirdi. Həyat bəzən yaxşılığımız üçün olsa belə bizə qəddar davranır. Buna görə həyata hirsləndiyim, üsyan etdiyim zamanlar çox olub. Balaca, buruq saçlı qızı bilinməzliyin, sualların içinə atdığı üçün az küsməmişəm həyatdan. Amma sonsuza qədər balaca qala bilməzdim, elə deyil? Həyatda dəyişməyən heç nə yoxdur. Zamanla anladım ki, həyatın məndən ən böyük gözləntisi məhz elə dəyişməyimdir. Dəyişərək böyüdüm. Gördüm ki, əslində elə hər anımın bir anlamı varmış. Əslində həyatın mənimlə bütün “dərdi” mənə özümü tapmaqda kömək etmək imiş. Hər yaşadığım mənə təcrübə qazandırır, nələrsə öyrədirmiş.

Çox güldüm, çox ağladım, bəzən incitdim, ən çox da özümü. Uğur qazandığım da oldu, verdiyim sözləri tutmadığım da. İstədiyimi əldə etmək üçün dəridən-qabıqdan da çıxdım, etməli olduğum işlər üçün barmağımı tərpətmədən bütün gün yatdığım günlər də oldu. Bəzən bacardım, bəzən hər şeyi əlimə-üzümə bulaşdırdım. Amma yaşadım. Pisi ilə, yaxşısı ilə. Həyatın qarşıma çıxartdıqlarını iliklərimə qədər hiss etdim. Həm xarici görünüşüm, həm daxili ailəmim fərqli cizgilərə, rənglərə büründü. Bəzən özümə qarşı çox amansız oldum. Özümü bəyənmədim, özümə yetəri qədər dəyər vermədim. Sonda həyat mənə özümü hər halımla, olduğum kimi sevməyi də öyrətdi. Buna görə də çox şükürlüyəm. Məni seçdiyi üçün, böyütdüyü üçün, yaşatdığı hər şey üçün həyatıma minnətdaram. Yaxşı ki doğulmuşam. Yaxşı ki yaşamışam. Yaxşı ki bu həyatı yaşamışam. Elə gözəl xatirələrim var ki. Elə gözəl insanlar tanıdım ki. O qədər arzum reallaşdı ki. Özümə indiyə qədər olduğu kimi bundan sonra da bütün xəyallarımın gerçəkləşməsini arzulayıram. Bundan sonrası üçün də Tanrıdan sağlam, huzurlu, anlamlı həyat diləyirəm.

Xoş gəldin 30 yaşım! Özünlə birlikdə xoşluqlar, gözəlliklər və şans gətir 🙂

Leave a Reply