Vaz keçdim
İllər sonra öyrəndim ki, qışqırıb-bağırmağa gərək yoxdu. Eşitmək istəyənə bir fısıltın yetər
Farid Farjad
Əslində hər şey saçımla başladı.. Buruq saçlarımı illərdir ya düzləşdirir ya da düzləşdirib yenidən bururdum. Məqsəd səliqəli görünməsi idi (!). Bu da azmış kimi soyuq və amansız qayçı ilə saçıma min-bir əziyyət verirdim.. Uzun saçımı qısaldırdım, qısaldanda da uzun saçlarım qayıtsın istəyirdim. Günlərin bir günü yenə qısa saç eşqinə düşdüm. Əlbəttə ki, o həvəslə xeyli qısa kəsim etdim. Zamanla gördüm ki, saçlarım heç uzanmır, aylarla demək olar ki, eyni uzunluqda qalır. Deyəsən, yazıq saçlarım bezmişdi əlimdən və küsmüşdü mənə.. Son zamanlar xeyli cansızlaşmışdı da. Deyəsən, onun təbiətini korladığıma görə, onu heç istəmədiyi formalara saldığıma görə incimişdi məndən.. Ətrafda baş verən hər şeyi bir-birilə əlaqələndirməyə çox böyük marağı olan beynim saçlarımın uzanmamasından da bir əlaqə çıxartmışdı – bəlkə də bəzi şeyləri heç dəyişməmək lazımdı.. Bəlkə də bəzi şeylər olduğu kimi qalmalıdı.. Bəlkə də bəzi şeyləri dəyişdirməyə çalışmaqdan vaz keçmək lazımdı. Mən də beynimin bu analizini dəyərləndirdim. Və vaz keçdim:
- İlk öncə saçımı onun təbiətində olmayan formalara salmaqdan. Öz halına buraxdım onu. Azad etdim.. Saçımı da, özümü də beynimdə qurduğum “ancaq saatlarla düzləşdirilən ya da burulan saç gözəldir” qəlibindən azad etdim. Bir az gec oldu amma fərqinə vardım ki, saçlarım elə olduğu halı ilə də gözəldir;
- Sevdiyim və ya etməli olduğum şeyləri etməyi təxirə salmaqdan. Bəlkə də minlərlə insanın gəldiyi nöqtəyə mən də gəldim – “bu gün edərəm, sabah edərəm, o biri gün edərəm” dediklərimə heç vaxt sıra gəlmir. Sadəcə bu an var.. Beyhudə həyat keçirtmək insanın özünə etdiyi ən böyük pislikdir. Sözün əsl mənasında ruhumu dincəldən, eyni zamanda əziyyətli belə olsa məsuliyyətini daşıdığım işləri görmək elə bir növ özümə verdiyim dəyərdi;
- Qulağının dibində qışqırsam belə heç vaxt səsimi duymayacaq insanlara nələrisə anlatmaqdan.. Bəzi insanlar təəssüf ki, heç görməməyi, heç anlamamağı seçir. Bu halda ediləcək bir şeyin olmadığını qəbul etdim;
- Özümü başqaları ilə müqayisə etməkdən.. Bunu kökü gedib ta uşaqlığa dayanır və mental sağlamlıq üçün çox təhlükəli haldır. İnsanları müşahidə etdikcə, oxuduqca, yaşadıqca anladım ki, hamımız çox fərqli şəraitlərdə mübarizə aparır və nəticədə çox fərqli insanlara çevrilirik. Hamımızın həyat yolu fərqlidir. Müqayisə etmək ancaq və ancaq məni öz həyat yolumdan uzaqlaşdırırdı.
- Xəyallarıma sahib çıxmamaqdan.. Qəbul edirəm, bəzən özümdə o cəsarəti görmürəm. O özgüvəni hiss etmirəm. “Görəsən necə olacaq, birdən alınmaz, birdən yaxşı olmaz” deyə-deyə xəyallarımı heç gün işiğı görmədən içimdə öldürürəm. Halbuki xəyallar gerçəkləşdirilməyə layiqdi..
- Keçmişdə yaşamaqdan.. “Kaş bunu desəydim, kaş bunu etsəydim, kaş ki.. kaş ki..”. Bu “kaş ki”-lər bütün yaşama həvəsimi alırdı əlimdən. Nəyisə düzəltməyin ya da dəyişdirməyin yolu “kaş ki”dən keçmir axı.. Yaşanan o an üçün təcrübəm və ya bacarığım o şəkildə davranmağa kifayət edirdi. Bunu dərk etmədikcə baş verənlərdən dərs çıxartmaq bacarığım da inkişaf etmirdi.
- Özümlə müharibə etməkdən.. Mübahisə yox, münaqişə yox, məhz müharibə etmək. Bilirsən, əziz oxucu, ən yorucusu da elə budur. Ruhum çox yorulurdu.. Özümlə müharibə etməklə, özümü incitməklə, özüm-özümü yormaqla heç bir nəticə əldə edə bilməyəciyimi öyrəndim. Özümlə sülh içində olmadan həyatın mənə göstərmək istədiklərini görə bilmirdim..
Sevgilə qal!
P.S. beynimdəki qəlibləri qırmaqda mənə köməklik edən saçlarıma təşəkkür edirəm. Ümid edirəm, saçlarım tezliklə mənimlə barışar və sağlam şəkildə uzanar..