You are currently viewing Kəpənək effekti

Kəpənək effekti

Kəpənəyin dünyanın bu tərəfində qanad çırpması digər tərəfində qasırğaya səbəb ola bilər

E. Lorenz

Kəpənək effekti nədir

Kəpənək effekti xaos nəzəriyyəsinin xüsusiyyətlərindən biridir. Xaos dedikdə ağla nizamsız, heç bir qanuna tabe olmayan təsadüfi hadisələr gəlsə də, məsələ bunun tam əksidir. Sözü gedən nəzəriyyə çox geniş olmaqla yanaşı bu yazının əsas mövzusu olmadığından qısaca onu deyə bilərəm ki, xaos nəzəriyyəsi nə qədər qarmaşıq görünsə də, özlüyündə müəyyən nizam və qanunauyğunluğu birləşdirən, heç də təsadüfi olmayan sistemləri öyrənir. Biz insanlar nə qədər nizam aşiqi olsaq da, təbiət tamamilə xaotik sistemlərdən təşkil olunub. Təbiəti, ətrafımızdakı hadisələri anlaya bilməməyimizin səbəbi də bundan irəli gəlir. Çünki, xaotik sistemlərin başlanğıc verilənlərində ən kiçik dəyişiklik belə tamamilə fərqli nəticələrə səbəb ola bilir. Bunu ilk dəfə Lorenz adlı alim hava proqnozunu təyin etmək istərkən müşahidə etmiş və elmə kəpənək effekti kimi daxil etmişdir.

Lorenzin müşahidəsi

1971-ci ildə Lorenz komputerinə hava proqnozu ilə bağlı başlanğıc rəqəmləri daxil edərkən kəsr ədədlərdə vergüldən sonrakı rəqəmləri yuvarlaqlaşdırır (0.506127 əvəzinə 0.506 daxil edir). Müşahidələrinin birində həmin əməliyyatı rəqəmləri yuvarlaqlaşdırmadan edir və komputer ekranında tamamilə başqa qrafika alınır. Kiçik bir rəqəmin dəyişməsilə böyük fərqliliyin alınmasına çox təəccüblənən Lorenz, hava proqnozunun niyə dəqiqliklə ölçülə bilmədiyini anlayır. Alimə aydın olur ki, onluq vahidlər kimi əhəmiyyətsiz sayılan kiçicik bir kəpənəyin qanad çırpması dünyanın hansısa bir yerində qasırğaya səbəb ola bilər. Bu səbəbdən, təbiətdə baş verən ən kiçik hadisələri bu günün texnologiyası ilə belə müəyyən edə bilmədiyimizdən hava proqnozunu 5 gündən artıq dəqiqliklə ölçə bilmirik (bəzən, heç 5 günü belə ölçmək mümkün olmur).

 

Lorenzin hava proqnozunu təyin edərkən əldə etdiyi qrafik.

Diqqətlə analiz etsək, bütün həyatımızın kəpənək effektinin təzahürü olduğunu asanlıqla görərik. Şübhəsiz, bir su damlası okeanda nədirsə, insan da sonsuz kainatda odur. Bəlkə də daha azı. Kainatin bu qədər kiçik parçası olmasına baxmayaraq, insanın ətrafındakı hadisələrə kifayət qədər böyük təsiri var. Eynilə kəpənəyin qanad çırpmasının qasırğa yarada bilməsi kimi. Lorenz məqaləsində qeyd edir ki, kəpənəyin qanad çırpması qasırğanın yaranmasında vasitəçilik elədiyi kimi onun qarşısını da ala bilər. İnsan da qasırğalara səbəb olmasın gərək. Dağıdıcı, məhvedici olmasın, gözəllikdən, sevgidən, elmdən bəslənsin. Kiçik də olsa, düzgün, düşünülmüş, seçilmiş addımlar atsın. Beləliklə, ətrafında təsəvvürünə belə gətirə bilməyəcəyi qədər sevincə, ümidə, gözəlliklərə vəsilə ola bilər. 

Gəl, birlikdə kəpənək effekti yaradaq

Mən, sən, yer üzündə heç kim və heç nə səbəbsiz yaradılmayıb. Hər bir canlının yaradılış məqsədi, insan olaraq yerinə yetirməli olduğumuz vəzifələrimiz var. Kəpənək qasırğa yarada, həmçinin qarşısını ala bilirsə, düşün, sən nələr edə bilərsən. Bəzən, kiçik addımlar belə başqa həyatlarda daima xatırlanan izlər qoya bilir. Tək bir kəşf və ya insan dünyanın gedişatını tamamilə dəyişə bilir. J.K.Rowlingin hər gün minlərlə uşağın həyatına sehirli toxunuşlar etməsi kimi. Təyyarə ilə qısa zaman ərzində dünyanın digər ucuna səyahət etmək imkanımızı “İnsan uça bilər mi?” düşüncəsinə borcluyuq. Bir saatlıq faydalı veriliş, söhbət və ya kitab yeni üfuqlər kəşf etməyə, dünyaya başqa gözlə baxmağa zəmin yaradır. Eyni zamanda,  etdiyimiz hansısa səhv həmişəlik peşmançılıqla yaşamağımıza səbəb olur. Ədalətsizlik, haqsızlıq qarşısında susmağımızın bədəlini ömür boyu ödəyirik. Bu günü dünənimizin, sabahımızı da bu günümüzün seçimləri inşa edir.  

Uzun sözün qısası, əziz oxucu, kəpənək effekti yarada biləcəyindən heç şübhən olmasın. Yaradan səni buna qadir şəkildə yaradıb. Qasırğalara da səbəb ola bilərsən, gözəlliyə, insanlığa xidmət edərək qasırğaların qarşısını da ala bilərsən. Seçim sənin. Öz adıma blogumun məhz ikinci məqsədə xidmət etməsi üçün əlimdən gələni edib, bu mövzuda düşüncələrimi, öyrəndiklərimi paylaşmağa çalışacam. Ümid edirəm, bu yolda mənə qoşularsan. Sevgilə qal.

Mənbə

  • Edward N. Lorenz, The Essence of Chaos (University of Washington Press, Seattle, 1994).
  • The Chaos Avant-Garde, Memories of the Early Days of Chaos Theory, edited by Ralph Abraham and Yoshisuke Ueda (World Scientific, Singapore, 2000).
  •  S.Canan, Kimsenin Bilemeyeceği Şeyler, İSBN 6058509191, 2018
  • https://images.app.goo.gl/aibmViWXZvEPFdyF6
  • https://images.app.goo.gl/v2MGUVshffCRmQZq9

This Post Has 2 Comments

  1. Fidan R. Alekberli

    Sən yazmağı sevdiyin qədər mən də gözəl yazıları oxumağı sevirəm. Bu yazını da zövq alaraq oxudum. Qələminə qüvvət. Davamı gəlsin! 👍🌹

    1. KhadiJa

      Çox sağ ol, Fidan☺️Bəyəndiyinə sevindim🥰❤️

Leave a Reply