Qumdan qalalar
Tanrını güldürmək istəyirsənsə, ona planlarından bəhs et
Amores Perros k/f
Bu deyim uzun zaman öncə qarşıma çıxmışdı. Zamanla yaşadıqlarımdan sonra məni xeyli düşündürməyə başladı. İndi dönüb geriyə baxanda həyatımı planlara sığdırmağın necə boşuna çaba olduğunu anlayıram. Planlar qurmağın dəniz sahilində qumdan qalalar qurmaqdan heç bir fərqi yoxdu. Gün gələr “dənizdə” tufan qopar, dalğaları “sahildə” nə varsa yuyub aparar. Gələcək haqqında hökmümüzün olmadığını aydın şəkildə göstərər. Düşünürəm, dənizin məqsədi bizi incitmək, yıxmaq deyil bəlkə də. Qurduğumuz qalaların bünövrəsinin zəif olduğunu göstərməkdi. Hətta bəlkə də dəniz bizimlə danışır bu yolla; bizə yalnış yerdəsən, daha da güclənməlisən deyir. Həyatını sahil kənarında qumdan qala qurmaqla keçirmə; yeni üfüqlər kəşf et, daha çox hiss et, daha çox xatirə topla, anı yaşa deyir..
Onsuzda, dəqiqliklə hazırladığımız planlar heç də həmişə özünü doğrultmur. Öz adıma, çox hallarda planlarım ümumiyyətlə baş tutmur. Yaşadığım ən gözəl anlar elə planlamadıqlarımdı. Buna ən yaxşı misal – heç gözləmədiyim halda həyat elə gətirdi ki, bir gün özümü əlimdə iki çəmədan təhsilimi davam etdirmək üçün İngiltərəyə yollanan yerdə tapdım. Beləliklə, “London Eye”-dan möhtəşəm bir gün batımında Temza çayını izləmək kimi şansım da oldu.
İnsanın planları ilə sınağı
Biz insanlar çox qəribəyik. Bir saniyə sonra başımıza nə gələcəyini bilmədən illərin planını qururuq. Bu qədər əmin və cəsarətliyik gələcək haqqında. Gələcəyə dair dəli kimi plan qurmaqdan bəzən heç yaşamırıq, həyatın dadını çıxarda bilmirik. Halbuki, çox hallarda ağlımıza gəlməyən başımıza gəlir. Heç də hər şey həmişə istədiyimiz kimi olmur. Təkidlə, inadla həyat kimi qarmaşıq sistemi öz kiçik dünyamıza uyğunlaşdırmağa çalışırıq. Həyatın gətirəcəklərini, gələcəyi görə bilmədikdən sonra qüsursuz planlarımızın nə önəmi var? Axı bizim üçün nəyin yaxşı, nəyin pis olacağını bilə bilmərik. Unuduruq ki, gün gəlir dövran dəyişir, insanlar dəyişir, arzular dəyişir. Heç nə eyni qalmır. Ən ehtiraslı sevgilər belə bir gün yerini başqa hislərə verir. Bu gün dəli kimi sevdiyimiz insan sabah bizə yad olur. Ən böyük məqsədlər belə bir gün əhəmiyyətini itirə bilir. Tanıdığımızı düşündüyümüz insanlar bizi bu düşüncəmizdə yanılda bilir. Nə gözəl demiş Rumi: “Dostun düşmənə çevrilər, düşmənin gələr dost olar, belə qəribə bir dünya. Olmaz dediyin nə varsa, hamısı olar”. Sən oyunu qurduğunu zənn edərsən, həyat sənə əslində “piyada” olduğunu göstərər. Tam da oyunun qaydalarını öyrəndim, artıq qalibəm dediyimiz anda həyat öz gedişini oynayar və şah-mat. Sənin əleyhinə..
Qumdan qalalar qurarkən..
Sözlərim yalnış anlaşılmasın. Demək istədiyim, məqsədsiz, beyhudə zaman keçirmək deyil. Məqsədsiz yaşamaqla plansız yaşamaq arasında yerlə-göy qədər fərq var. Hamının yaşamaq istədiyi həyat haqqında düşüncələri var və bu normaldı. Sözümün canı odur ki, hər şeydə olduğu kimi biz insanlar planlar mövzusunu da çox böyüdürük. Bəzən xəyallarımızn arxasınca şüursuzca qaçırıq. Əvvəlini-sonunu düşünmədən. Yaşanılanları təcrübə kimi qəbul edə bilmədiyimizdən, nəticədə “kaş ki” – lər, peşmanlıqlar əldə etdiyimiz tək şey olur. Belə hallarda çoxumuz güc tapıb həyata davam edə bilmirik. Başımıza gələn hadisələrə həddindən artıq anlamlar yükləyirik. Qarşımıza çıxan insanlardan yersiz gözləntilər içindəyik. Hər hansı planımız baş tutmayanda, insanlarla münasibətimiz alınmayanda dünyanın sonu gəldiyini düşünürük, az qala kədərimizdən ölürük..
Həyat bir plana sadiq qalmaq üçün qısa deyil mi? Qətiyyətlə A planını yerinə yetirərkən, beynimizin bir kənarında əlavə B planımız da olsa daha yaxşı olmaz mı? Yaşadıqlarımızı xatirə, təcrübə və növbəti dalğalara qarşı güclənmək üçün zəmin kimi dəyərləndirsək, həyat daha asan olar deyə düşünürəm. Çünki, həyatın bizim üçün ən yaxşısını bildiyinə inanıram. Hər dəfə yeni şeylər – fərq etməz yaxşı və ya pis – yaşayıb təcrübə qazandıqca daha çox şey öyrənirik, daha çox kəşf edirik özümüzü. İtirməyə, incinməyə, məğlub olmağa, hər an yenidən başlamağa hazırlıqlı olmalıyıq. Bu keyfiyyətləri qazanmaq üçün planlarımız kifayətsizdir.
Tanrı planları sevmir
Beləliklə düşünürəm ki, həyatın özündən, gözlənilməz sürprizlərindən yaxşı müəllim ola bilməz. Buna görə də öz planlarımdan daha çox həyatın sürprizlərindən ümidliyəm. Səmimi olmaq lazımdırsa, bir gün bayquşun pəncərəmə Hogwartsa dəvət məktubunu gətirməsinə belə ümid edəsim gəlir bəzən..
Əziz oxucu, əgər sən də həyatını planlara sığdırmısansa, gün gəlib planların baş tutmasa (ki çox güman baş tutmayanlar olub və ya baş tutmamaq ehtimalı var), ümid edirəm, bu səni küsdürməz, yıxmaz. Ümid edirəm, sən də həyatın sürprizlərinə qucaq açarsan, anı yaşayarsan. Plan qurmaq əvəzinə bol-bol xatirə toplayarsan. İcazə ver sənə planlarının gerçəkləşməsini yox, sənin üçün nə xeyirlidirsə, nə inkişafına, daha yaxşı insan olmağına səbəb olacaqsa, onu arzulayım. Çünki, görünüşə görə Tanrı planları elə də sevmir. Planlar qurmaq əvəzinə bizdən gözlədiyi öyrənmək, kəşf etmək, dərs çıxarmaqdır.
Qeyd. “Ey həyat, əgər mənim üçün xeyirli olacaqsa, yenə gözləmədiyim anda məni Londona apar. Əlimdə sevimli “mocha”-m, Londonun üşüdən havasına rəğmən yenə Temza sahilində gün batımını izləyə bilim. Söz verirəm, ən gözəl şəkildə gülümsəyəcəyəm sənə..
Hə bir də, Hogwartsa dəvət məktubunu da unutmasan sevinərəm..”
Mənbə
- Öz həyatım 🙂
- https://unsplash.com/photos/skmzjgBlCIA
Həyat biz planlar qurarkən yaşadıqlarımızdı…Həyatın hər anını dolu dolu doya doya yaşaman diləyilə Xədicə 🦋🎡
Çox sağ ol, sən də həmçinin☺️