You are currently viewing Yenidən

Yenidən

Bunlar keçər, çarpın, səma, köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi!
Yağ, ey yağış, fikrim kimi, hissim kimi..

Mikayıl Müşfiq – Yağış

Son zamanlarda olduğu kimi bəzi günlər Bakıda qeyri-sabit hava şəraiti müşahidə edirik. Bəzən, yağışın da şahidi oluruq. İllər öncə həm yaşadıqlarımdan, həm də qızmar yay günündə qəfil yağan yağışdan təsirlənib məqalə yazmışdım. O günkü xatirələrim, hislərim hələ də canlıdır. Hər dəfəsində qəfil, gözlənilmədən yağan yağışlar o günü xatırladır mənə. O gün yazdıqlarımı. Düşünürəm, mənim üçün bu qədər xüsusi yeri olan yazı bloqumda da öz yerini tutmalıdır. Yenidən başlamaq istəyənlərə həsr elədiyim bu yazım ümid edirəm, məqsədinə çatar. 

Yenə qızmar günəşə qalib gələn qəfil yağışın Bakını öz əsarəti altına aldığı bir gün.. Amma bu dəfə nəsə fərqlilik sezirdim bu dəvətsiz qonaqda. Sanki, anlatmaq istədiyi nəsə var idi şəhərin insanlarına. Qulaq verdim yağışa. Digərləri kimi qaçıb gizlənmədim binaların altında. Əksinə üzümü daha da yüksəklərə qaldırdım yağışı daha yaxşı duya bilim deyə. Çünki, hər şeydən əvvəl hava necə olursa olsun səma aşiqi idim mən. Əllərimi bədənimə sarıb isitmədim özümü, izn verdim soyuq damlaların hər zərrəmi üşütməsinə. Xeyli vaxt diqqətlə düzəltdiyim saçlarımın da qayğısına qalmadım, yağışın insafına buraxdım xəfif əsən küləkdən uçuşan hər bir saç telimi. Mənim əksimə özünə sığınacaq tapmaq üçün qaçışan, daha çox üşüməmək üçün evlərinə tələsən insanlara inad yağış israrla döyəcləyirdi Bakının küçələrini. Sanki yuyub aparmaq istədiyi nəsə varıydı. Bəlkə də keçmişin tozunu. Təbiətin bütün şıltaqlıqlarının ən sakit, ən vəfalı izləyiciləri ağaclarınsa ümumiyyətlə qaçmaq ya da yarpaqlarını gizlətmək kimi bir şansı yoxuydu. Niyə də gizlətsin ki? Axı yağış günəşin uzun müddətdir qurutduğu yarpaqlarına həyat verirdi..

Hər gün minlərlə həyatın şahidi olan sadiq yollar tənhalaşmağa üz tutmuşdu artıq. Uzaqlardan bir yerlərdən şiddətli yağışın amansızlığına tuş gəlmiş insanların qaçarkən ayaqlarının şappıltlısı gəlirdi. Sevimli damcılarına qovuşan gölməçələr getdikcə hüdudlarını genişləndiridi. Bəziləri üçün yağış yalnızca hamını işindən-gücündən edən, səliqə ilə ütülənmiş paltarlarını isladıb bərbad hala salan, yeni ayyaqqabılarını palçığa bulayan səbəb, sevgilisi ilə ilk görüşə gedənlər üçün isə romantik xatirə idi. Amma, zənnimcə, yağış bundan daha artığını bəxş edirdi insanlara. Başlanğıcının harada olduğu bilinməyən sonsuzluqdan ələnən su damcıları yaşanmışlıqların son qırıqlıqlarını sağaltmağa qadir idi. Nə yalan deyim, o an bütünlüklə təslim olduğum yağışa qarşı duyduğum yeganə his qibtə idi. Çünki, o güclü idi. Ucsuz-bucaqsız qallaktikanı öz işığı ilə aydınlatan günəşlə mübarizə aparacaq qədər cəsarətli idi. Ən əsası isə vaz keçmirdi. Bir neçə saat sonra günəş yer üzündəki hökmünə davam edib yağışa aid bütün izləri öz şüaları ilə yox edəcəkdi. Amma, zamanı gədiyində yağış yenə də yenidən, yenidən və yenidən öz mübarizəsinə davam edəcəkdi..

Bütün bunlar tam da hər şeyə yenidən başlamaq istəyən birinin ehtiyacı olan şeylər idi.. Ümid hər zaman var elə deyil mi? Lap kiçicik belə olsa..

Yeni başlanğıclar, yeni macəralar, yeni xəyallar hər zaman mümkün idi. Həyat səni nə qədər yaralamış olsa belə həmişə yenidən sağalmaq üçün ümid var idi..

Əgər yağış hər şeyə rəğmən səni hüznündən xilas edib üzünə təbəssüm yerləşdirə bilirdisə, deməli, hələ də ümid var..

Etməli olduğun tək şey nə zaman, hara və necə yağacağı bəlli olmayan sirli yağışların altında islanmaq və sonunda cəsarətini  möhtəşəm göy qurşağı ilə taclandırmaqdır..

Sadəcə bir az cəsarət..

..Qısa müddətli də olsa günəş üzərində öz qələbəsini təntənəli şəkildə qeyd edən yağışın dünyanın bütün parfümlərindən qat-qat məftunedici olan qoxusu saçlarıma sinərkən, şəffaf damcıları ömür səhifəmə öz izini həkk edirdi: “Yenidən”..

Mənbə

This Post Has 4 Comments

  1. Eltun

    Məhz sənin dediyin kimi bir az cəsarət və bir az da ümid…amma hə, bir az da səndə olan şeirsəl ruh yenidən başlaya bilmək adına..

    1. KhadiJa

      Təşəkkürlər☺️

  2. Evan Treborn

    Yeniden başlamak… “Sadəcə bir az cəsarət” ile… Yağmuru ben de kıskanırım. Sanki toprağa aşkla koşuyor gibi. yukardaki tüm o tepkimeler, şimşekler, yağmurun oluşturan tüm eylem toprağa ulaşmak için sanki… toprak da onu bekliyor zaten. Yağmur damlaları ile kavuşunca diğer tüm aleme can veriyor. bu ikilinin ilişkisi beni hep kıskandırır. yağmur toprak için, toprak da yağmur için var gibi. Belki sevgililer için romantik olmasının da sebebi budur? :))) alegori de olsa bu dediğim yine de bunu kıskanıyorum. Ama kötü bir kıskançlık değil, imrenme. Birbirinden kopamayan 2 karakterin anlatıldığı Jeux d’enfants filmi de bu yüzden etkilenmişti.

    1. KhadiJa

      Necə gözəl ifadə etmisiniz 🙂 Bu gözəl və səmimi fikirlərinizi bölüşdüyünüz üçün çox təşəkkür edirəm 🙂 Qeyd etdiyiniz film mənim də ən sevdiyim filmlərdən biridir 🙂

Leave a Reply