You are currently viewing Üzr istəyirəm
  • Post author:
  • Post category:Inspired
  • Post comments:0 Comments
  • Post last modified:July 15, 2022

Üzr istəyirəm

Ən böyük, ən şərəfli əsərimiz doğru-dürüst yaşamaqdır

Michel de Montaigne

İnsan dünyaya gələrkən gələcək həyatı ilə bağlı “Mündəricaat” hissəsi neyronlarına “yüklənmir”. Həyatı, nə etməli olduğumuzu, necə mübarizə aparmalı olduğumuzu yaşayaraq öyrənirik. Digər tərəfdən, yorulduğumuz zamanlarda həyatımıza kitabı yarıda qoyduğumuz kimi daha sonra qaldığımız yerdən davam edə bilmirik. Və ya filmlərdəki kimi “10 il sonra”-nı yaşaya bilmirik. Ən xoşbəxt anlarımızı sevimli musiqilərimiz kimi başa verib yenidən, dəfələrlə yaşaya bilmirik. Pis xatirələrimizi “delete” düyməsinə basıb bir andaca unuda bilmirik. Yalnızca bir şansımız var.. Yalnız bir dəfə yaşaya bilirik.. Yaşamaq məcburiyyətindəyik. Hər anı.. Hiss etmək məcburiyyətindəyik.. Hər şeyi, bütün yaşadıqlarımızı. Əvvəl – axır, necə yaşamalı olduğumuzu öyrənməliyik. Səhv edərək, səhvlərimizdən öyrənərək. Yaşamağı öyrənməyin başqa da bir yolu yoxdur deyə bilirəm. Bəzən bunun ədalətsiz olduğunu düşünürəm, hətta üsyan belə edirəm. Lakin, həyatımı analiz etdiyim anlarda özümü tanımağın ən yaxşı yolunun elə səhv etmək olduğunu gördüm, özümü anlamağa çalışdım. Nələrə qadir olub, nələrə qadir olmadığımı, zəif tərəflərimi, hələ nə qədər inkişafa ehtiyacım olduğunu gördüm. Bacarıram dediyimi əslində bacarmadığımı, bilirəm dediyimi əslində bilmədiyimi, etmərəm dediyim hər şeyi etdiyimi gördüm. Ara-sıra cahillik edib özümə kifayət qədər təcrübəmin olduğunu düşünməyə icazə verəndə əksinə hələ qarşımda uzun bir yol olduğunu anladım. İndi isə, əziz oxucu, icazənlə səhvlərimi etiraf edib, onları bir daha təkrarlamamağı çox ürəkdən diləyərək və üzr istəyərək yoluma davam etmək istəyirəm. Belə ki,

Sahib olduqlarıma görə yetərincə şükür etmədiyim üçün,
Ağlımı, vicdanımı susdurub, nəfsimə yenik düşdüyüm üçün,
Bilmədiyim bu qədər şey varkən bildiklərimlə öyündüyüm üçün,
Özümdəki qüsurları gözardı edib, başqalarının qüsurlarını barmaqla göstərdiyim üçün, 
Öz səhvlərimə görə başqalarını günahlandırdığım üçün,
Öz dəyərimi başqalarının gözü ilə ölçdüyümə görə,
Başqalarının özümü dəyərsiz hiss etdirməsinə icazə verdiyimə görə,
Həyatımın müəyyən dönəmlərində öz dünyamı tərk edib başqalarının dünyasına uyğunlaşmağa çalışdığıma görə,
Səhvlərimdən dərs çıxarmadığıma, bəzi səhvlərimi təkrar-təkrar etdiyimə görə,
Həyatın mənə göstərmək istədiklərinə gözlərimi yumduğuma görə,
Zaman-zaman özüm olmaqdan vaz keçdiyimə görə,
Başqalarının öz mənfəətləri uğrunda məni formalaşdırmasına, dəyişdirməyə çalışmasına, manipulyasiya etməsinə icazə verdiyimə görə,
Önəmli-önəmsiz öz dərdimə düşüb, ətrafımdakı insanların, sevdiklərimin problemlərini görməzdən gəldiyim üçün,
Doğru və yalnışı ayırd edə bildiyim halda yalnışı seçdiyim üçün,
Bu dünyanın sınaq dünyası olduğunu unutduğum hər an üçün,
Aldığım nəfəsin, görən gözlərimin, hiss edən hər bir zərrəmin dəyərini kifayət qədər dərk etmədiyim üçün,
Mənasız işlərə, xeyirsiz insanlara boşuna sərf etdiyim, beyhudə keçirtdiyim bütün zamanım üçün,
Baş verən hadisələrin, insanların məni özümdən uzaqlaşdırmasına icazə verdiyim üçün,
Zənnimin məni yanıltmasına icazə verdiyimə görə,
Heç haqqım olmadığı halda insanları yarğıladığıma görə,
İnam, güvən kimi dəyərli haqlarımı yalnış insanlara sərf etdiyimə görə,
Səhvlərimi, zəifliklərimi yalnış insanlara əmanət etdiyimə görə,
İncitməmək üçün özümü incitdiyimə görə,
Başqalarının təqdirini qazanmaq üçün istəmədiyim şeylərə “yox” deyə bilmədiyimə görə,
Qarşımdakı insana səliqəli geyiminə, xarici görünüşünə və danışarkən qurduğu 1-2 pafoslu cümləsinə əsasən qiymət verdiyimə görə, 
İnsanların mələk görünümünün altında şeytan gizlənməsi ehtimalını unutduğum üçün,
Cəsarətim yerinə qorxularımı, biliyim yerinə cahilliyimi bəslədiyim üçün,
Özümü yetərincə dinləmədiyim, anlamadığım, sevmədiyim və bir çox hallarda bu dediklərimə heç çalışmadığım üçün,

Yaradandan,
Sevdiklərimdən,
Ətrafımdakı bütün insanlardan,



Özümdən

Üzr istəyirəm…

Bunlar 28 illik ömrümə sığdırdığım səhvlərimin hamısı deyil əlbəttə. Xeyli az hissəsidir. Amma yenə də bu üzrüm burada qalsın. Təkrar – təkrar oxuyum, özümə xatırladım, unutmayım, yaddaşıma həkk edim. Əgər unutsam, həyat xatırlatmaqda gecikməsin. Ki indiyə qədər heç vaxt gecikməyib..

Qeyd. Bu məqalə Sinan Cananın “Unutulacak şeyler” (Tutikitap, 2020) adlı kitabından ilhamlanaraq yazılıb.

Şəkil: https://unsplash.com/photos/ulWwX5Y1NDs

Leave a Reply