Xəyal dünyalarına səyahət
Oxucu ölmədən öncə minlərlə həyat yaşayır. Heç vaxt oxumayan isə sadəcə bir həyat…
George Martin
Bir kitab
Düşünürəm, mənimlə razılaşarsan ki, insan kitab oxuyanda və ya film izləyəndə ilk başlarda aldığı informasiyaya əsasən sonun necə olacağı haqqında bəzi təxminlər formalaşdırır. Amma, adətən, müəllif hadisələri elə təsvir edir ki, heç gözləmədiyimiz bir sonla rastlaşırıq. Serkan Karaismailoğlunun yazdığı Mater seriyası da (Pia Mater, Arachnoid Mater, Dura mater) mənə ən çox təsir edən və təxminlərimin qətiyyən doğru çıxmadığı sonla bitən kitablardan oldu. Ona görə də bu möhtəşəm əsərin sujet xəttindən danışıb marağını qaçırtmaq istəmirəm. Amma bir məqamı vurğulamalıyım ki, bu seriya axıcı hekayə ilə yanaşı elmi araşdırma və faktların sintezini oxumaq istəyənlər üçün əla variantdı. Elə seriyadakı kitabların adı da kifayət qədər marağa səbəb olur. Zənnimcə, sən də ilk görəndə “görəsən müəllif niyə belə ad seçib” deyə ürəyindən keçirtmiş olarsan. Bu maraqlı ada həmahəng olan içindəki məlumatlar və hekayə də insanı təəccübləndirən, düşündürən, zaman-zaman da duyğulandıran tərzdə oxucuya çatdırılır.
Bu tərzdə kitablar oxuduqda insanın xəyal dünyasına bir daha heyran qalıram. Başqa sözlə desəm, bir insanın xəyal dünyasına bu şəkildə şahidlik etmək mənim üçün çox fərqli duyğudu. Həm heç bilmədiyim mövzularda yeni məlumatlar öyrənirəm, həm də qısa müddətli də olsa başqa birinin düşüncələrinə qonaq oluram. Beləliklə, müəllifin də dediyi kimi görünməz bağlarla bir-birimizə bağlanırıq. Elə kitab oxumağı ən çox da buna görə sevirəm – heç tanımadığım insan öz düşüncələrilə həyatıma xoş izlərlə təsir edir.
Bir film
Çox təəssüf ki, yuxarıda qeyd etdiyim kitab hələ ki ekranlaşdırılmayıb. Amma, alternativ olaraq çox sevdiyim başqa filmi qeyd edə bilərəm – “I origins”. Film 2014-cü ildə ərsəyə gəlib, bu səbəbdən bəlkə də artıq rastına çıxıb. Amma hələ də izləməmisənsə, filmə bir şans ver deyərdim. Yenə də filmdə baş verən hadisələr haqqında məlumat verməyəcəm. Çünki, film onu izləmək üçün sərf edilən hər saniyəyə layiqdir deyə düşünürəm. Həmçinin, film mənim üçün başqasının xəyal dünyasına etdiyim ən gözəl səyahətlərdən biri idi.
Bir musiqi
Musiqiyə gəldikdə isə son zamanların çox dinlənilən AynaBand-in ifasında “O gözlər” mahnısına buradan da sevgimi bildirməsəm olmazdı. Hansi ki, illər öncə Yalçın Rzazədinin ifasında sevənləri ilə qovuşmuşdu. Gənclərimizin bunun kimi möhtəşəm mahnılarımıza sahib çıxmasına və öz fərqli ifaları ilə yenidən həyat verməsini çox təqdir edirəm və alqışlayıram. Gəl, ruhumuza bir yaxşılıq edək və bu gözəl mahnını bir daha birlikdə dinləyək.
“Hayat öyle bir sinir ağı ki, kimlerle sinaps yapacağını asla kestiremezsin…” Bölüm 14, Pia Mater
Çox doğru, mən də sevirəm bu ifadəni 🙂