Yaşanmağa dəyər bir həyatın izindəyəm; və bir də, bilməyə dəyər bilginin
Şəms Təbrizi
Əziz oxucu,
Dünyama xoş gəlmisən. Əgər səninlə hələ də tanış deyiliksə, hal-hazırda komputer ekranı arxasında yazdığım bu qısa tanışlığı, ümid edirəm bir gün əyani və qarşılıqlı şəkildə həyata keçirərik.
Adım Xədicədir. Həyat yolumun 29-cu ilindəyəm. İxtisasım və elə hal-hazırda işlədiyim sahə İT (informasiya texnologiyaları) üzrədir. Peşəmlə enişli-yoxuşlu birliktəliyimizlə yanaşı təhsilim, iş həyatımla əlaqəli olsun-olmasın nələrsə oxumaq və ən əsası da yazmaq hər zaman maraq dairəmdə olub. Nə də olsa bu həyatda hamımızın özünü ifadə etmək şəkli var. Mənim də özümü ifadə şəklim məhz yazmaqdır. Bəzən yazmaqdan vaz keçdiyim anlar olsa da, ən nəhayətində özümü kağız və qələmlə yoldaşlıq edən yerdə tapdım. Həm yazmağın, həm də yazdıqlarımı paylaşmağın mənə xüsusi zövq verdiyinin və şəxsi inkişafımda böyük rol oynadığının fərqinə vardım. Bir neçə məqalə yazıb, sosial şəbəkələrdə paylaşımlar edə-edə günlərin bir günü bloq yazmaq cəsarətini özümdə gördüm.
Niyə məhz kəpənək effekti - bu haqda ilk yazımda aydınlıq gətirmişəm. İndi isə icazənlə tanışlığımızda vacib hesab etdiyim bir məqamı vurğulamaq istəyirəm. Mən nə yazıçıyam, nə ədəbiyyatçı, nə alim, nə feminist, nə realist, nə pessimist, nə də optimist. Bütün sərhədlərdən, isimlərdən, çərçivələrdən kənar, sadəcə insanam. Sorğulayan, niyə sualını verməyi sevən, analiz etməyə və anlamağa çalışan, bəzən uğurlu, bəzən uğursuz təcrübələr yaşayan, səhvlər edən, özünü və gülümsəməyi çox sevən, ən əsası özünün ən yaxşı versiyasına çevrilməyə çalışan bir insanam. İnsan olmağı bacara bildiyimiz halda bütün sərhədlər gərəksizdir deyə düşünürəm.
Mən, sən, biz, hamımız insanlığa, gözəlliyə xidmət etmək diləyilə.
Sevgilə qal.
-
Qısa müddətli də olsa günəş üzərində öz qələbəsini təntənəli şəkildə qeyd edən yağışın dünyanın bütün parfümlərindən qat-qat məftunedici olan qoxusu saçlarıma sinərkən, şəffaf damcıları ömür səhifəmə öz izini həkk edirdi: “Yenidən”
-
Planlar qurmağın dəniz sahilində qumdan qalalar qurmaqdan heç bir fərqi yoxdu. Gün gələr “dənizdə” tufan qopar, dalğaları “sahildə” nə varsa yuyub aparar. Gələcək haqqında heç bir hökmümüzün olmadığını aydın şəkildə göstərər.
-
Həyat elə gətirdi ki, xoşbəxtliyin nə olduğuna dair beynimdə müəyyən fikir formalaşdıra bildim. Bununla da, daha yaxşı anladım ki, niyə şair Moşu Göyəzənli xoşbəxtliyə qafiyə tapa bilmirmiş.