Epigenetik miras

Fərqində olduğumuz müddətcə neyronlarımızdakı davranışımıza təsir edən genləri dəyişə bilərik

Norman Doidge

Bir kitab

Epigenetik miras son dövrün elmi araşdırmalarının ən çox diqqət çəkən mövzularından biridir. İddia edilir ki, valideynlərimizlə, hətta bizdən əvvəlki nəsillərlə düşündüyümüzdən daha da dərin bağlarımız var. Bu bağların həyatımıza təsirini Mark Wolynn özünün “Səninlə başlamadı” kitabında asan dillə və elmi araşdırmalara əsaslanaraq geniş izah edib. Kitabda deyilir ki, ailə travmaları və ya əvvəlki nəsillərdə yaşanmış bədbəxt hadisə bizim davranışımızda, düşüncələrimizdə, həyatımızın hər anında təzahür edə bilər. Səbəbkarı olmadığımız hadisələrin həyatımıza bəzən mənfi yöndə təsir etməsi ilk baxışdan ədalətsiz görünsə də, epigenetik mirasımız da müəyyən məqsədlərə xidmət edir. Keçmişdə həllini tapmamış məsələlərin bir şəkildə nəticələnməsi və bizim də bu nəticədə müəyyən anlam görməyimiz həmin məqsədlərdən biridir. O anlamı görmədikcə, vəziyyəti düzgün analiz etmədikcə həyatımızda eyni hadisələr təkrarlanır ki buna da “karma” deyilir.

Bəzən “Niyə mən? Niyə bunları yaşayıram?” suallarının cavabı bizdə olmur. Qorxularımızın, travmalarımızın səbəbi əksər hallarda bizimlə əlaqəli deyil. Keçmişdə haqsızlığa, zorakılığa, vaxtsız ölümə düçar olmuş ailə üzvlərimizin yaşananları bizə miras qoyması bir şəkildə fürsətə belə çevrilə bilər. Epigenetik miras sayəsində həyatımızda baş verə biləcək hadisələrə qarşı daha dözümlü və adekvat yanaşa bilərik. Bəzən yaşadıqlarımızın ağırlığı ilə keçmişimizi silib atmaq, bağlarımızı qoparmaq istəsək də, bu mümkün deyil. Heç buna gərək yox imiş. Çünki, məqsəd bizi incitmək, həyata küsdürmək deyil, əksinə daha güclü və təcrübəli qılmaqdır. Keçmiş bizdən istədiyini alana qədər, o anlamı gördüyümüzə əmin olana qədər yaxamızdan əl çəkmir. Bunu da qarşımıza təkrar döngülər çıxardaraq edir. O döngünü qırdığımız an, yəni öldürülmüş, sui-qəsd etmiş, başqasının haqqına girmiş, oğurluq etmiş, müharibə travması almış, ailədə istənilməyən uşaq olmuş və s. kimi hadisələrin yaşandığı keçmişdən həyat bacarıqlarımızı daha da inkişaf etdirəcək lazımi dərsləri çıxartdığımız an həyatımızın axarı tamamilə dəyişir.

Həmçinin, kitabda vurğulanır ki, digər insanlarla münasibətimizi anamızla olan münasibətimiz, maliyyə, pul qazanmaq, ruzi-bərəkət kimi məsələlərdə nə qədər uğurlu olduğumuzu isə atamızla olan münasibətimiz təyin edir. Müəyyən səbəblərdən valideynlərimizi uzaqlaşdırmağımız əslində özümüzü özümüzdən uzaqlaşdırır. Elə məntiqlə də belə halın yaranması çox təbiidir deyə düşünürəm çünki həyata gələndə ilk münasibətimizi valideynlərimizlə qururuq. Valideynlərimizlə qurulan münasibət nə qədər sağlamdırsa, başqaları ilə də qurulan münasibət o dərəcə sağlam olur. Valideynlərimizlə həll olunmamış problemlər, qarşılıqlı önyarğı və anlayışsızlıq həyatımızın hər anına mənfi təsir edir. Kitabda valideynlərimizlə münasibətin yaxşılaşdırılması üçün də kifayət qədər effektiv üsul qeyd olunub.

Uzun sözün qısası, əziz oxucu, kitabı oxuyandan sonra bir daha bu nəticəyə gəlirəm ki, həyatda hər yaşanılanın bir anlamı var. Hamımızın arzusunda olduğumuz hüzurla da bu anlam sayəsində qovuşuruq.

Bir film

Yuxarıda qeyd etdiyim kitaba əsaslanan qardaş ölkənin ərsəyə gətirdiyi “Zeytun ağacı” serialını uğurlu hesab edirəm. Baxmayaraq ki, “Səninlə başlamadı” kitabını çox uzun zaman öncə oxunacaqlar siyahıma əlavə etmişdim, bu serialda o qədər marağımı cəlb etdi ki dərhal əldə edib oxudum. Adətimə sadiq qalaraq serialın sujet xəttindən danışmayacam amma bir məqamı vurğulamaq istəyirəm – əslində insanları nəyəsə təşviq etmək çox asandır. Bəlkə də illər sonra oxuyacağım kitabı 1 həftə içində mənə aldırıb oxudan serial öz vəzifəsini layiqincə yerinə yetirmiş olur. Çünki, həm serialı izlədikdən, həm də kitabı oxuduqdan sonra ailəm və digər insanlarla olan münasibətlərimdə xeyli fərqindəlik qazandım. Bu səbəbdən, həqiqətən də maraqlarımız, məşğul olduğumuz işlər kimliyimizin formalaşmasında böyük rol oynayır. Film izləyib fərqindəlik də qazana bilərik, sosyal şəbəkələrdə beyhudə vaxt keçirib təkrar döngülər içində yox ola bilərik. Seçim tamamilə bizə məxsusdur.

Bir musiqi

Düşünürəm, yazdıqlarıma ən yaxşı Cabir Novruzun o möhtəşəm misralarına möhtəşəmlik qatmış Oktay Kazıminin bəstəsinə Qaya qrupunun ölümsüz qıldığı “Ey həyat sən nə qəribəsən” musiqisi həmdəm ola bilər. Həyat doğrudan da çox qəribədir.. Biz insanlar isə daha qəribəyik..

Leave a Reply