Memuar

Əziz oxucu, düşünürəm insanın ən dəyərli xəzinəsi onun xatirələridir. Bizi xoş hislərə bürüyən xatirələrimiz isə paylaşıldıqca həmin xoşluğu ətrafa yayır. Bu səbəbdən yazılarımla yanaşı istərdim yaşadığım, öyrəndiyim, bəzən də gəzib-gördüyüm yerlərlə bağlı xatirələrimi səninlə paylaşım. Ümid edirəm, yazarkən hiss etdiyim səmimi duyğuları oxuyarkən sənə ötürə bilərəm.

Sehrli şəhər

Elə şəhərə atdığım ilk addımda anladım ki, beşinci sinifdə oxuyarkən Londonun şəkillərini ingilis dili kitabında gördüyüm an bu şəhərə aşiq olmaqda haqlı imişəm. Tez-tez rast gəlinən qırmızı telefon və poçt qutuları, bunlarla harmoniya təşkil edən qırmızı avtobuslar, kiçik ama şirin evlər, möhtəşəm muzey və körpülər, krallığa məxsus saraylar və əlbəttə ki sevimli Big Ben. Etiraf edim, İngiltərəni bu qədər sevməyimdə və görməyi xəyal etməyimdə Harry Potter-in də payı az olmayıb. Məncə, J.K.Rowling sehrdən danışmaq üçün Londondan daha uyğun yer tapa bilməzdi

Bir qalanın sirri

İlam Hall-un  2 əsrdən çox yaşı var. Bu müddət ərzində bəzi hissələri dağıdılıb, içi restovrasiyaya məruz qalsa da, tarixin qoxusu hələ də qalanın üzərində qalıb. Özümü lap “Jane Eyre” kitabının içində hiss edirdim. Hələ də xatırlayıram – səhərə yaxın möhkəm yağan yağışın səsinə oyanmışdım. Yerimdən qalxıb pəncərə kənarında oturdum, xeyli müddət ətrafı izlədim. Hiss etdiyim huzurun, dincliyin bədənimin hər zərrəsinə sinməsini gözlədim.  O an çox istərdim divarlar dil açsın və orada yaşamış neçə-neçə ailələrin xatirələrindən danışsın.