Bir qalanın sirri

Bu qala bizim qala
Həmişə bizim qala,
Tikmədim özüm qalam
Tikdim ki izim qala.

Xudu Məmmədov

Yəqin ki, İngiltərənin qədim qalalarla zəngin olduğunu vurğulamağa ehtiyac yoxdur. Xoşbəxtlikdən, belə qədim qalalardan bir neçəsi Şefild şəhərinin ətrafında yerləşirdi. Tələbə yoldaşlarımla həftəsonunu həmin qalalardan birində – “Ilam Hall”-da keçirməyi qərara aldıq. Çox az müddət belə olsa İllərin yadigarı olan qalada gecələmək sadəcə möhtəşəm idi. Sözügedən qala Şefilddən bir xeyli uzaqda çox böyük və tənha ərazidə yerləşir. 

Ümumiyyətlə, İngiltərənin çox qarışıq və qəribə nəqliyyat sistemi var. Bizdən fərqli olaraq ingilislər istirahətlərinə çox düşkün olduğundan həftəsonları, həmçinin, gec saatlarda, adətən, nəqliyyat işləmir. İlam hall-a olan səfərimizi planlaşdırarkən, bu detalı tamamilə unutmuşduq. Belə ki, qalada yerlərimizi əvvəlcədən rezerv etdik və xəritədə təyinat nöqtəsinə necə gedə biləcəyimizi dəqiqləşdirdik. Xəritədəki məlumata əsasən, qatar ilə Derbyshire stansiyasına gedib, elə həmin stansiyada avtobusdan istifadə edərək 1 saata İlam hall-a çatacaqdıq. Stansiyaya çatanda bizə bildirdilər ki, qalaya birbaşa gedən avtobus həftəsonları işləmir. Bir xeyli xəyal qırıqlığı yaşasaq da, hamımız günlərdir hazırlaşdığımız həftəsonunun plana uyğun keçməsini istəyirdik. Beləliklə, alternativ yollarla maraqlandıq və məlum oldu ki, yolun müəyyən hissəsinə qədər aparacaq avtobus var, daha sonrasını isə piyada getməli idik. Həm də saatlarla..

Elə də oldu. Avtobusla şəhərdən xeyli kənar əraziyə gəlmişdik. Ətrafda kiçik, həyəti olan kəndsayağı evlər olsa da, yaşayış demək olar ki yox idi. Tənha yollar ürküdücü olsa da, yolboyu uzanan mənzərə hər şeyə dəyərdi. Ətraf tamamilə yaşıllığa bürünmüşdü, üstəlik yağış sonrası torpaqdan gələn o möhtəşəm qoxu səyahətimizi ecazkar qılırdı. Nəhayət, mənzil başına çatanda tək düşündüyüm yaxşı ki bəzi tərsliklərə baxmayaraq planımıza sadiq qalmağımız oldu.

İlam Hall-un  2 əsrdən çox yaşı var. Bu müddət ərzində bəzi hissələri dağıdılıb, içi restovrasiyaya məruz qalsa da, tarixin qoxusu hələ də qalanın üzərində qalıb. Özümü lap “Jane Eyre” kitabının içində hiss edirdim. Qalanın daxili şəraitini yaxşılaşdırıb gecələmək üçün hər detalı düşünmüşdülər: uşaq-böyük hamı üçün oyunlar, kitablar, ləzzətli yeməklər təklif edən restoran, kiçik amma şirin kofe otağı, təmiz və səliqəli yataq otaqları. Bunlarla yanaşı mümkün qədər qalanın qədimiliyini qorumağa çalışmışdılar. 

Hələ də xatırlayıram – səhərə yaxın möhkəm yağan yağışın səsinə oyanmışdım. Yerimdən qalxıb pəncərə kənarında oturdum, xeyli müddət ətrafı izlədim. Hiss etdiyim huzurun, dincliyin bədənimin hər zərrəsinə sinməsini gözlədim.  O an çox istərdim divarlar dil açsın və orada yaşamış neçə-neçə ailələrin xatirələrindən danışsın. Bu mümkün olmadığından zamanın sınağından çıxmış qalanın içində hansı yaşanmışlıqlar ola biləcəyini təxmin etməklə yetindim. Görəsən, qala sakinləri necə həyat sürmüşdülər? Xoşbəxt, eyni mənim hiss etdiyim kimi huzurlu yoxsa bu qədər tənha yerdə, soyuq divarlar arasında yalnızlıqdan əziyyət çəkiblər? Cavab hər zaman üçün naməlum qalacaqdı. Amma mən öz hekayəmə inanmağı seçdim. Tənhalığa və soyuq divarlara rəğmən sakinlər mənim də hiss etdiyim o huzura qovuşmuşdular..

Ayrılıq zamanı çatanda üzərimdə sevinc qarışıq hüzn var idi. Yağış hələ də şiddətlə yağmağa davam edirdi və biz eynilə gəldiyimiz kimi saatlarla yol getməli idik. Elə də önəmsəmirdim artıq. Çox istədiyin bir şeyi əldə etdikdən sonra yaranan o rahatlıq duyğusu mənimlə idi. Evə çatanda hava şəraiti ilə əlaqədar sudan çıxmış cücələrə dönsək də, yaşadıqlarım heç vaxt unutmayacağım xatirələrimdən biri olmuşdu. Ümid edirəm, bir gün yenə yolum oralara düşər.

 

IMG_6397
IMG_6340
IMG_6339
IMG_6314
IMG_6261
IMG_6176
IMG_6173
IMG_6169
IMG_6167
IMG_6130
IMG_6478
previous arrow
next arrow
IMG_6397
IMG_6340
IMG_6339
IMG_6314
IMG_6261
IMG_6176
IMG_6173
IMG_6169
IMG_6167
IMG_6130
IMG_6478
previous arrow
next arrow

Leave a Reply