Bir qoxu nə qədər sevilər?
Əlbəttə ki, orada divarın arxasındakı evdə yaşayan qızı sevmirdi. Qoxusunu sevirdi. Yalnız o qoxu, başqa heç nə..
Patrik Züskind – Parfümer
Bir kitab
Qəribədir insan övladı. Başqa bədənləri, ruhları, qoxuları sevər, özündən başqa. Hamını görər, özündən başqa. Hamıda hər şeyi sevər, özündən başqa. İnsan övladı hər çətinliyin üstəsindən gələr, özünü sevməkdən başqa. Fərqində deyilik amma insanın özünü sevməməsi həmişə dəhşətli nəticələrə gətirib çıxarır. Zənnimcə, Patrik Züskind özünün “Parfümer əsərində məhz bu nəticələri oxucuya çatdırmaq istəyir.
Belə ki, baş qəhrəmanımızın (Grenouille) dünyada heç kimdə olmayan özəlliyi var – yer üzündəki bütün canlı-cansız nə varsa, hamısının qoxusunu hiss edə və tayı bərabəri olmayan parfümlər hazırlaya bilir. Əşyaların və insanların varlığını, hətta insanların nə işlə məşğul olduqlarını, haradan keçdiklərini belə qoxulara əsasən təyin edir. Həyatın ironiyasına bax ki, ən nadir çiçəklərin, daşın, dəmirin, taxtanın və s. iyisini yüzlərlə metr məsafədən hiss edən Grenouille qoxusuzdur. Qeyri-adi bacarığını yetərincə qiymətləndirməyən qəhrəmanımız anidən bu həqiqəti öyrənəndə özünü tamamilə dəyərsiz hiss edir. Bənzərsiz parfümlər hazırlayan bir dahi olsa da, özünü heç cürə sevə bilmir, özünü sevilməyə layiq görmür. O möhtəşəm bacarığı özünü sevmədiyi üçün, özünü olduğu kimi qəbul edə bilmədiyi üçün qəhrəmanımızı məhvə aparır. heç kimdə olmayan bacarığını hamıda olan bir xüsusiyyətə görə qurban verir. Özündəki sevgi boşluğunu başqalarının qoxusu ilə doldurmağa çalışır. Və əlbəttə ki, sonu hüsran olur. Bütün dünyaya özünü sevdirəcək parfüm hazırlasa belə bu onu xoşbəxt etmir. Özünü sevməməyin bədəlini çox ağır ödəyir. Bu onu məqsədsiz, heç nədən həzz almayan, sadəcə başqalarının qoxusuna möhtac birinə çevirmişdi. Möhtac olduğu qoxuları əldə etmək üçün başqalarını öldürməkdən belə çəkinmirdi.
Tanış ssenari deyil mi? Səncə də əksəriyyətimiz özümüzə qarşı sevgisizlikdən əziyyət çəkmirik mi? Eynilə Grenouille kimi bəzən özümüzə qarşı o qədər qəddar, mərhəmətsiz, anlayışsı və sevgisiz yanaşırıq ki, yaxşı xüsusiyyətlərimizi dəyərləndirə bilmirik. Hər birimizi dəyərli qılan, sahib olduğumuz fərqliliklərimizi yox sayırıq. Bu da nəticədə bizi özü ilə düşmən birinə çevirir. Şübhəsiz, özü ilə düşmən biri elə hamı ilə düşməndir.
Beləliklə, kitab məni özümə münasibətim haqqında bir xeyli düşündürdü. Bəs mən özümə qarşı nə qədər mərhəmətliyəm? Özümü olduğum kimi görüb qəbul edə bilirəm mi? Daha da önəmlisi özüm özümü sevməyi bacarıram mı?..
Bir film
Əziz oxucu, nəzərə alsaq ki, xeyli haqqında yazdığım kitab əsasında çəkilmiş film var, elə həmin filmi paylaşmağım daha məqsədəuyğun olar. Əlbəttə ki, bir film heç vaxt kitabı əvəz edə bilməz. Kitabda təsvir olunan detalların, önəmli məqamların hamısını 1-2 saatlıq filmdə əks etdirmək mümkün deyil. Buna baxmayaraq, film kitabın əsas məğzini çatdırmaqda kifayət qədər uğurludur deyə düşünürəm. 2006-cı ildə ərsəyə gələn film mütləq şəkildə izləməyə dəyər ekran işlərindən biridir. Grenouille rolunu canlandıran Ben Wishaw işini layiqincə yerinə yetirib. Filmdə Alan Rickman kimi istedadlı aktyorları görmək isə insana ayrıca zövq verir.
Bir musiqi
Səmimi olmağımı istəsən, musiqi dinləməyin mənə necə zövq verdiyini izah etmək üçün cümlələrim kifayətsizdir. Təkcə onu deyə bilərəm ki, qəlbimin ritminə həmahəng olan musiqiləri dinləmək məndə huzur dolu duyğular yaradır. Son zamanlar dəfələrlə yenidən dinlədiyim Barbara Parvi-nin ifasında “Voila” mahnısı məndə həmin duyğulara səbəb olur. DInləmək istəsən, ümid edirəm ən az sən də mənim qədər zövq alarsan.
Sevgilə qal.